"Nəcməddin dedi ki, Arutunyan zəng edib, təcili torpaqları qaytarın" - General

Azərbaycan Silahlı Qüvvələrinin sabiq Qərargah rəisi, ehtiyatda olan general-polkovnik Nəcməddin Sadıkovla bağlı daha bir sensasion açıqlama verilib.


İlk Xəbər AzVision.az-a istinadən xəbər verir ki, bu dəfə müdafiə nazirinin sabiq müavini, Hərbi Hava Qüvvələrinin keçmiş komandanı general-mayor Altay Mehdiyev Sadıkovla bağlı keçmişi xatırlayıb.


Altay Mehdiyev bu barədə özünün feysbuk hesabında paylaşım edərək, Nəcməddin Sadıkovu keçmişdə azad olunan əraziləri düşmənə verməkdə ittiham edib:


“Bildirmək istəyirəm ki, xidmət etdiyim bütün müddət ərzində mənə qarşı törədilən çoxsaylı qanunsuzluqlara baxmayaraq, rəhbərliyim altında çoxlu sayda uğurlu əməliyyatların keçirilməsinə nail olmuşam. Çox uğurlu əməliyyat o deməkdir ki, keçirilən döyüş əməliyyatları zamanı bir nəfər də olsun itki verilmir.


Ən uğurlu əməliyyatlarımızdan biri də, 2003-cü ildə rəhbərliyim altında, düşmənin nəzarəti altında olan Buzqov dağı-Havuç kəndi arasında 70 kv.km yaxın ərazidə yerləşən bütün strateji hündürlükləri azad etməyimiz olmuşdu.


Qəbul etdiyim əsaslandırılmış qərar, real vəziyyətə uyğun olaraq hazırladığımız döyüş planı, döyüş planına uyğun olaraq keçirdiyimiz təlimlər, əməliyyata cəlb olunan bölmələrin hazırlığı, döyüş ərazisində qabaqcadan gördüyümüz ağlabatmaz mühəndis işləri, şəxsi heyət tərəfindən məxfiçilik rejiminə tam şəkildə riayət olunması və nəhayət qarşımızda duran lovğa, özündən razı, heç bir hazırlığı olmayan, Qarabağ müharibəsinin ilk günlərində bizim səhvlərimiz hesabına təsadüfi "qələbə" qazanan düşmən durumu - bu əməliyyatın çox uğurla keçirməyimizə bizə əsas verirdi.





Bəli, bu əməliyyat zamanı planımıza uyğun olaraq, qısa bir zamanda, düşmənə göz açmağa belə imkan vermədən, çox eşalonlu mina sahələrini uğurla keçərək, bir nəfər olsun belə, itki vermədən, ən yeni taktiki üsullarla torpaqlarımızı azad etdik.


Dəhşətlisi ondan ibarətdir ki, keçirdiyim döyüş əməliyyatının ən qızğın vaxtında, yeni azad etdiyimiz Buzqov dağında əməliyyatı idarə edərkən, o zaman Baş qərargah rəisi vəzifəsində olan Nəcməddin Sadıkov mənimlə mobil telefonla əlaqə saxlayaraq, taktiki vəziyyətlə maraqlanmadan, araşdırmadan, çox acıqlı və qəzəbli bir tərzdə:


- Siz haradasınıız? Nə ilə məşğulsunuz?


- Ön xətdə! Müdafiə xəttini möhkəmləndirməklə...


- Hansı müdafiə xəttini möhkəmləndirməklə? Bu dəqiqə Ermənistanın Baş qərargah rəisi Arutunyan mənimlə əlaqə saxlayıb bildirdi ki, siz hücuma keçib "torpaqlarını" zəbt etmisiniz. Yerevanda prezident aparatı qarşısında mitinq keçirilir. Mən sizə əmr edirəm - təcili olaraq əvvəlki mövqelərimizə qayıdın.


- Oldu! - sözünü, 1974 -cü ildən hərbi xidmətdə olduğum bütün müddət ərzində söylədiyim qədər ürəkdən, böyük bir sevinc hissi, yüksək templə söyləməmişdim. Lakin onun qanunsuz verilən "əmrinə" məhəl qoymadan çox uğurlu döyüş əməliyyatlarına rəhbərliyə davam etdim.


Ən maraqlısı odur ki, general Sadıkov çox gözəl bilirdi ki, Naxçıvan MR keçirdiyimiz bütün tədbirlər Ali Məclisin sədri cənab Vasif Talıbovun şəxsən tapşırığı, razılığı və nəzarəti altında, qarşımıza qoyduğu "Əgər torpaqlar bizimdirsə, o torpaqlara biz nəzarət etməliyik" tələbi altında həyata keçirilirdi. Bütün bunlara baxmayaraq, yenə də digər istiqamətdə olduğu kimi, Naxçıvan MR-da da istədiyini həyata keçirməyə çalışırdı.


Əks halda, qanunsuz verdiyi əmri yerinə yetirmədiyimə görə, hələ 1994-cü ilin yanvar ayında yaşadığım problemləri yenidən mənə yaşadacaq idi.


Belə ki, 1993 dekabr - 1994 yanvar aylarında Tərtər istiqamətində Briqada komandiri vəzifəsində xidmət edərkən, Müdafiə Nazirliyindən xəbərsiz, öz qərarımla, bir-neçə kəndi azad etdiyimə görə, general Sadıkovun yanvarın 27-də ( Uğursuz Qış əməliyyatlarından sonra ) general Vasyak və iki polkovnik Tərtərə gələrək məni Briqada komandiri vəzifəsindən uzaqlaşdıraraq, bütün azad etdiyimiz torpaqlarımızı qısa bir zamanda düşmənə təhvil verdilər. Narazılığımı bildirdikdə, general Sadıkovun təklifi, general Məmmədrəfi Məmmədovun əmri ilə heç bir səbəb göstərmədən, məni tutduğum vəzifədən azad edərək başqa hərbi hissəyə, aşağı vəzifəyə təyin etdilər.


Onu da deyim ki, general Məmmədovun vəzifədən azad olunmağımın səbəbini mənə söyləməyinə söz verməyinə baxmayaraq, hətta nazir sözünü də yerinə yetirmədi.

"Köməklik göstərmək" məqsədi ilə mənə, Briqada komandiri vəzifəsində xidmət edən, polkovnik rütbəsində, M.V. Frunze adına Akademiyanı bitirmiş zabitə, müharibənin ən qızğın vaxtında ordudan tərxis olunmaq haqqında ərizə yazmağımı da təklif etdilər. Hələ bu az imiş, bu istiqamətdə mənə kömək göstərmələrinə söz də verdilər.


Əlbəttə də ki, mənim cavabım çox qısa oldu: "Məni Vətənimi qorumağa siz gətirməmisiz, siz də mənə getməyə kömək göstərəsiniz".


Bu və bunun kimi yüzlərlə faktlara görə Nəcməddin Sadıkov məni xidmət etdiyim bütün müddət ərzində heç cürə qəbul edə, bağışlaya bilmirdi. Mənə qarşı tədbirlər görməyə isə o zamanlar səlahətləri kifayət etmirdi.


Ən dəhşətlisi isə odur ki, son zamanlar onun səlahətləri həndəsi silsilə ilə artmağa başladı.


Məhz bu səbəbdən də Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyev, İkinci Qarabağ müharibəsində Nəcməddin Sadıkovu və rəhbərliyi altında döyüşlərin planlaşdırılmasında, idarə olunmasında, döyüş və arxa cəbhə təminatında yol verdikləri uğursuzluqları nəzərə alaraq, bir neçə yuxarı vəzifəli şəxslərlə birlikdə tutduqları vəzifələrindən azad etdi.


Lakin çox əfsuslar olsun ki, Ali Baş Komandan tərəfindən general Sadıkov ordudan uzaqlaşdırılana qədər yüzlərlə yüksək rütbəli və vəzifəli, vətənpərvər zabitlərimizi müxtəlif yollarla Ordumuzdan uzaqlaşdırmaqla, Ordu quruculuğuna, Ordumuzun inkişafına nə qədər ziyan vurdu".

Kateqoriya

ÖLKƏ

Tarix

16/02/2022 12:14

Baxış sayı

1836 oxuma

Jurnalist

Aynurə Azayeva

Oxuduğunuz xəbər necə idi?
Bizə xəbər göndər:
Qaynar xətt +994 (55) 231 11 99